Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən musabiqe.baku.edu.az portalı istifadəyə verilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Artıq 3 ildən çoxdur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul müsabiqə qaydasında həyata keçirilir. Daxil olmuş müraciətlər və yaranan vakansiyalarla əlaqədar vaxtaşırı müsabiqələr təşkil edilir və qənaətbəxş nəticə göstərən şəxslərin müvafiq vəzifələrə işə qəbuluna razılıq verilir.

Yeni qaydanın tətbiqi ictimaiyyət tərəfindən də razılıqla qarşılanmışdır. Belə ki, bunun nəticəsi olaraq son dövrlərdə vətəndaşlar tərəfindən işə qəbulla əlaqədar birbaşa BŞTİ-yə edilən müraciətlərin sayı artmaqdadır.

İşə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, müsbiqənin təşkili zamanı texniki səbəblərdən irəli gələn məcburi vaxt itkisinin qarşısının alınması, prosesin daha çevik və xətasız idarəsi, informasiyaların düzgün emalı və dəqiq nəticələrin əldə edilməsi, o cümlədən məxfiliyin tam təmin edilməsi, eyni zamanda, ümumtəhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə, qeyd edilən müsabiqənin daha təkmil formada - İKT proqramı tətbiq edilməklə həyata keçirilməsinə qərar verilmişdir.

Beləliklə, qeyd edilən istiqamətdə həyata keçirilən hazırlıq tədbirlərinin yekunu olaraq,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul müsabiqəsinin onlayn platforma əsasında həyata keçirilməsi məqsədilə http://musabiqe.baku.edu.az/  domen adlı portal istifadəyə verilmişdir.

 

Artıq müvafiq vəzifələrə işə qəbul üzrə müraciətlər adı çəkilən portal vasitəsilə qəbul ediləcəkdir. Müsabiqədə iştirak etmək üçün müraciət etmək arzusunda olan şəxslər portalda müvafiq qaydada elektron ərizəni doldurmaqla qeydiyyatdan keçməlidirlər.